Qoruyucu meşələr
Qoruyucu meşələr öz meliorativ və mühit yaradıcı xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan Respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür.
I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir.
II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri (663,5 min ha), aid edilmişdir.
III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və s ənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir.
IV–Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir.
Meşə massivləri və meşə zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Qoruyucu meşə zolaqları aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə v ə suvarılan sahələrdə); yamaclarda sutənzimedicitorpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir, lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.